İki gənc azərbaycanlı bacının, Məryəm və Leyla Məmmədovanın müəllifi olduqları “Qarabağın Çiçəyi” adlı uşaq kitabı Amerikada böyük maraqla qarşılanıb. “Qarabağın Çiçəyi” – təkcə bir kitab deyil, bir missiyadır. Və bu missiya indi Amerikadan bütün dünyaya yayılır. Qarabağ həqiqətlərini uşaq dili ilə dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyan bu kitab, təkcə ədəbiyyat aləmində deyil, eyni zamanda sosial mesajı ilə də diqqət mərkəzinə çevrilib.
Hazırda Kanadada və Birləşmiş Krallıqda ali təhsil alan bacılar, uşaqlıqlarını Azərbaycan, ABŞ, Kanada və İngiltərə arasında bölüşsələr də, Azərbaycan mədəniyyətinə və tarixinə olan bağlılıqlarını heç vaxt itirməyiblər. Onların bu bağlılığı, xüsusilə İkinci Qarabağ Müharibəsi zamanı daha da dərinləşib və nəticədə dünyaya səs salan bir uşaq kitabına çevrilib.
“Biz həmişə Azərbaycanla bağlı bir şey etmək istəyirdik,” – deyə Leyla Mammadova bildirir. “İkinci Qarabağ Müharibəsi zamanı yaşadığımız emosiyalar, yazmaq ehtiyacımızı daha da gücləndirdi. Ümidsizlik bizi dayandırmadı, əksinə, bizi hərəkətə gətirdi.”
“Qarabağın Çiçəyi”, Qarabağın tarixi, Ermənistanın qeyri-qanuni işğalı və Xocalı soyqırımı kimi acı həqiqətləri incə və emosional şəkildə təqdim edir. Kitab, gənc nəsildə həm milli kimlik duyğusunu gücləndirməyi, həm də onları sülh, ədalət və insan haqları uğrunda mübarizəyə təşviq etməyi qarşısına məqsəd qoyur.
ABŞ və Kanadada keçirilən gənclər forumları, məktəb tədbirləri və ədəbiyyat festivallarında təqdim olunan kitab, xüsusilə Azərbaycan diasporası və beynəlxalq gənclik auditoriyası tərəfindən yüksək maraqla qarşılanıb. Bacılar, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasının Yay Gənclər Düşərgəsində, eləcə də Salam Gənclər Beynəlxalq Film Festivalında təqdimatlar apararaq Qarabağ həqiqətlərini gənclərlə bölüşüblər.
“Biz istədik ki, Qarabağ uşaqlar üçün sadəcə bir yer deyil, bir ümid simvolu olsun,” – deyə Məryəm vurğulayır. “Səslərimizin gücü olduğunu anladıq. İndi gənclər də öz səsi ilə dəyişiklik edə biləcəyinə inansın.”Kitab hazırda Bakının aparıcı kitab mağazalarında satışdadır və əldə olunan gəlirlər İkinci Qarabağ Müharibəsindən zərər çəkmiş ailələrə dəstək məqsədilə istifadə olunur. Bacılar ümid edirlər ki, yaxın gələcəkdə azad edilmiş Şuşanı babaları ilə birlikdə ziyarət edə biləcəklər.