12–14 aprel tarixlərində Four Seasons otelində Millionaire Concept platforması tərəfindən təşkil olunmuş “The Globe Gala” adlı üç günlük tədbir baş tutub. Tədbirin son günü – 14 apreldə moda və biznes dünyasını təmsil edən iştirakçılar sahələri üzrə Millionaire Concept tərəfindən mükafatlandırılıblar. İştirakçılar arasında Əfqanıstanın ən məşhur müğənnisi Aryana Sayeed də yer alıb.Qeyd edək ki, Millionaire Concept iş dünyasının tanınmış simalarını bir araya gətirən beynəlxalq mükafatlandırma mərasimidir.
Aryana Sayeed Kabildə anadan olub. Uşaqlıqda ailəsi ilə birlikdə əvvəlcə Pakistana, daha sonra isə İsveçrəyə köçüb. Bir müddət Londonda yaşadıqdan sonra hazırda İstanbulda yaşayır. Çoxşaxəli fəaliyyətə malik Aryana Sayeed ən nüfuzlu qadın hüquqları müdafiəçilərindən biri hesab olunur. O, uzun illərdir qadınların azadlığı, hüquqları və təhsilə çıxışı uğrunda yorulmadan mübarizə aparır. Onun fəaliyyəti yalnız səhnə ilə məhdudlaşmır — o, eyni zamanda beynəlxalq platformalarda qadınların səsi, gücü və simvoluna çevrilib.
Aryananın musiqisi əsasən pop janrına aiddir, lakin o, ənənəvi əfqan musiqisi elementlərini müasir ritmlərlə birləşdirir. Müxtəlif illərdə Afghan Star, Afghan Superstar və The Voice Afghanistan kimi proqramlarda münsif və məşqçi kimi çıxış etmişdir. Həmçinin, Avropa Parlamenti, UNESCO və NATO-nun Londonda keçirilən tədbirlərində əsas natiqlərdən biri olub. O, MTV World kanalında yayımlanan ilk əfqan sənətçi kimi tarixə düşüb.
15 il ərzində İngiltərə, ABŞ, Kanada, Almaniya, Fransa, Türkiyə və digər ölkələrdə 300-dən çox konsert proqramı ilə çıxış edib. Aryana dəfələrlə “Ən Yaxşı Qadın Müğənni”, “Ən Yaxşı Canlı İfa”, “Ən Yaxşı Mahnı”, “Ən Yaxşı Musiqi Videosu”, “Cəsarət Mükafatı” (Əfqan Musiqi İnstitutu, Təhsil Nazirliyi, PEN Əfqanıstan), “Əfqan Qadınlarının Səsi”, “Təsirli Qadın Sənətçi” və “Sülh və Qadın Hüquqları üzrə Yaxşı Niyyət Səfiri” kimi mükafatlara layiq görülüb.
Qadın və qızların azadlığı uğrundakı yorulmaz fəaliyyətinə görə Beynəlxalq Azadlıq Mükafatına layiq görülüb. Sosial və xeyriyyəçilik fəaliyyətləri çərçivəsində Aryana xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə kampaniyalarında iştirak edib və COVID pandemiyası dövründə 400-dən çox ailəyə yardım göstərib. O, Aryana Care Foundation adlı qeyri-kommersiya təşkilatını və Aryana Futbol Klubunu təsis edib. Qadın hüquqlarının müdafiəsi məqsədilə isə DEFAW (Defenders of Equality, Freedom and Advancement for Women) adlı beynəlxalq təşkilatı yaradıb.
Bütün bu fəaliyyətləri və uğurlu karyerası ilə əlaqədar olaraq, Aryana Sayeed 14 aprel 2025-ci ildə “The Globe Gala” gecəsində “Dəyişim Səsi Mükafatı”na layiq görülüb.