12-14 aprel tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan Four Seasons otelində Millionaire Concept platformasının təşkilatçılığı ilə “The Globe Gala” adlı üçgünlük beynəlxalq tədbir keçirilib. Lüks həyat tərzi, moda və biznes dünyasının yeniliklərini özündə birləşdirən bu mötəbər tədbir çərçivəsində müxtəlif ölkələrdən gəlmiş tanınmış simalar iştirak ediblər. Tədbirin son gecəsində isə ən prestijli mükafatlardan biri – “İlin Peşəkar İnternet Yaradıcısı” mükafatı Beliz Acıpayamoğluna təqdim olunub.

Çoxşaxəli fəaliyyəti ilə seçilən Beliz Acıpayamoğlu incəsənət və yaradıcılığa olan marağını uşaq yaşlarından inkişaf etdirməyə başlayıb. Modellik və kastinqlərlə ilk addımlarını atan Beliz, sonradan bu marağını peşəkar səviyyəyə daşıyaraq universitetdə moda və tekstil dizaynı üzrə təhsil alıb və bu sahədə yüksək nəticələr əldə edib.

Təxminən beş il əvvəl Instagram platformasında aktiv fəaliyyətə başlayan Beliz, qısa zamanda özünəməxsus üslubu və kreativ yanaşması ilə geniş auditoriya toplayaraq sosial mediada tanınmış simaya çevrilib. O, məzmun istehsalında həm sadəliyi, həm də vizual estetik dəyərləri bir araya gətirərək izləyicilərinə ilham verir. Çəkilişlərini bəzən peşəkar kameramanlarla etsə də, çox zaman ağıllı telefonundan istifadə edir və videoların montajını özü həyata keçirir. Məzmun hazırlığının montaj mərhələsini ən çətin, amma eyni zamanda ən yaradıcı hissə kimi qiymətləndirir.

Səyahət etmək, geyim tərzi ilə fərqlənmək Belizin gündəlik həyatının ayrılmaz hissəsidir. Onun rahat və təbii yanaşması izləyicilərinə yaxın gəlir və bu da uğurunun əsas səbəblərindən biridir. Hal-hazırda məşhur bir jurnalda moda mövzusunda daimi yazılar yazan Beliz, hər ay yeni trendləri təhlil edərək oxucularla bölüşür.

Yaxın gələcəkdə öz şəxsi geyim brendini yaratmağı planlaşdıran Beliz Acıpayamoğlu, moda və rəqəmsal məzmun yaradıcılığını birləşdirərək innovativ konseptlərlə sektora fərqli nəfəs gətirmək istəyir. Onun məqsədi yalnız vizual gözəllik deyil, eyni zamanda ilhamverici və dəyərli məzmun təqdim etməkdir. “The Globe Gala” kimi beynəlxalq səviyyəli tədbirdə bu mükafata layiq görülməsi onun bu sahədəki uğurlarının və əzminin bariz göstəricisidir.