1) Memarlıq və dizayn sənətinə olan marağınız necə başladı? Sizi bu sahəyə ilk dəfə nə ilhamlandırdı?
Memarlığa marağım ailədən gəlir. Babam tikinti mühəndisi idi və tez-tez layihələr üzərində evdə işləyirdi. Onun çertyojlarını izləmək və dediklərinə qulaq asmaq mənim üçün çox maraqlı idi. Hətta birlikdə gəzintilər zamanı o, konstruktiv detalları izah edərdi – niyə bu sütun buradadır, bu forma nəyə xidmət edir. Bu erkən müşahidələr və söhbətlər məndə memarlığa olan sevgini formalaşdırdı. 1)Memarlığa marağım ailədən gəlir. Babam tikinti mühəndisi idi və tez-tez layihələr üzərində evdə işləyirdi. Onun çertyojlarını izləmək və dediklərinə qulaq asmaq mənim üçün çox maraqlı idi. Hətta birlikdə gəzintilər zamanı o, konstruktiv detalları izah edərdi – niyə bu sütun buradadır, bu forma nəyə xidmət edir. Bu erkən müşahidələr və söhbətlər məndə memarlığa olan sevgini formalaşdırdı.
2) Aysel Mahmudlunun dizayn üslubunu fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
Minimalizmdən uzağam. Dizaynlarımda əsas məqsəd – estetik zənginlik, eleqantlıq və vizual təsir gücüdür. Seçdiyim mebel, tekstura və dekorativ elementlər hər zaman keyfiyyət və fərqlilik üzərində qurulur. Hər bir detal ya həqiqətən yüksək səviyyəlidir, ya da elə təqdim olunur ki, zəriflik və incəlik hissi yaratsın. White Wind və Portobella restoranlarında gördüyünüz əl işləri və xüsusi hazırlanmış elementlər bu üslubun bariz nümunələridir.
3) “Heydər Məscidi” layihəsi nə zaman tamamlandı və bu layihənin memarlıq baxımından əhəmiyyəti nədən ibarətdir?
Heydər Məscidinin açılışı 15 iyun 2022-ci ildə — Milli Qurtuluş Günündə baş tutub. Bu layihənin mənim üçün xüsusi əhəmiyyəti var. Qafqazın ən böyük məscidi hesab olunması və Ulu Öndər Heydər Əliyevin adını daşıması ilə yanaşı, mənim memarlıq fəaliyyətimdə də dərin iz buraxıb. Bu layihəni həyata keçirmək mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. O, mənim üçün unudulmaz və əbədi bir layihə olaraq qalacaq.
4) Lüks interyer dizaynı sahəsində işləmək sizə hansı yaradıcı sərbəstlikləri və ya çətinlikləri gətirir?
Lüks interyer dizaynı geniş imkanlar və sərbəstliklər təqdim etsə də, ən böyük çətinlik – gözləntiləri aşmaqdır. Əgər sifarişçi sənə inanırsa və tam sərbəstlik verirsə, bu zaman məqsəd sadəcə işi tamamlamamaq, onu təəccübləndirmək və düşündüyündən daha yüksək bir nəticə göstərmək olur.Bu isə həm məsuliyyət, həm də sənətkar üçün ilhamverici bir sınaqdır.
5) Sizin üçün bir layihəni uğurlu edən əsas amillər hansılardır? Layihəyə başlarkən ilkin yanaşmanız necə olur?
İstər yaşayış sahəsi, istər kommersiya sahəzi — “Azul Bureau”olaraq hər layihəyə fərdi yanaşırıq.İlkin olaraq Müştərinin ehtiyac və zövqünü dərindən anlamaq çox önəmlidir. Daha sonra funksionallıq və estetikani bir araya gətirərək, həm istifadəyə uyğun, həm də vizual olaraq güclü məkanlar yaradırıq. İnsan gördüyü nəticəyə inandıqda, onu yaxınlarına tövsiyə edir. Elə buna görə də hər layihə bizim üçün təkcə iş yox, növbəti uğurların və yeni layihələrin açarıdır.
6) Müştərinin istəkləri ilə öz yaradıcı vizyonunuz arasında necə balans qurursunuz?
Bu balansın əsasında qarşılıqlı etibar və peşəkarlıq dayanır. Müştərinin zövqünü və istəklərini diqqətlə dinləyirəm, amma nəticəni yalnız o deyil, daha da yüksəldilmiş formada təqdim etmək əsas məqsədimdir. Buromuzdakı komandamızla birlikdə hər layihəyə yaradıcı baxış və texniki dəqiqlik qataraq onu mükəmməlləşdiririk. Müştəri nə istədiyini hiss etsə də, bəzən bunu tam ifadə edə bilmir — biz isə bu istəyi oxuyur, formaya salır və onun gözlədiyindən də üstün nəticə təqdim edirik.
7) Dizayn etdiyiniz məkanların insanların ruh halına və gündəlik həyatına təsir etdiyini düşünürsünüzmü?
Bəli, məkanın insan psixologiyasına təsiri çox güclüdür. Dizayn yalnız vizual təsir deyil, həm də hiss yaşatmaqdır. Restoranlar elə tərtib olunmalıdır ki, insanda yatmaq yox, ünsiyyət və dinamik atmosfer hissi oyatsın. Spa mərkəzlərində isə əsas məqsəd sakitləşdirmək deyil, insanı yormadan onu balansda saxlamaqdır. Biz həmçinin məkanlarda işıqlandırma, musiqi və rəng palitrası kimi detallarla insanların ruh halına incə toxunuş etməyə çalışırıq. Dizaynın gücü məhz toplunun harmoniyasıdır
8) Gələcəkdə texnologiyanın memarlıq və interyer dizaynına təsiri barədə nə düşünürsünüz?
Texnologiya dizaynı daha funksional və interaktiv edir, amma yaradıcı dəyər hər zaman ön planda qalmalıdır. Mən klassika ilə modernin harmoniyasını sevirəm. Zövqüm artıq formalaşıb, onu dəyişmək istəmərəm, amma funksionallığı artırmaq üçün ağıllı texnologiyalardan istifadə etməyi zövqlə qəbul edə bilirəm.
9) Əgər sərhədsiz büdcə və tam yaradıcılıq azadlığınız olsaydı, hansı “xəyal layihə”ni həyata keçirmək istərdiniz?
Xəyalım – istedadlı, amma imkanları məhdud olan qadınlar və uşaqlar üçün bir inkişaf və dəstək mərkəzi yaratmaqdır. Bu məkan onlara peşə öyrənmək, inkişaf etmək və öz yollarını tapmaq üçün real imkanlar təqdim edərdi. Burada müxtəlif sahələrdən olan qadın peşəkarlar – dizaynerlər, musiqiçilər, hüquqşünaslar, sahibkarlar – müəllim kimi yox, yol göstərici kimi çıxış edərdi.
Eyni zamanda bu məkanı bir növ peşəkar və işgüzar qadınların toplaşa biləcəyi bir klub kimi təsəvvür edirəm – harada ki, qadınlar bir-birinə dəstək olur, əməkdaşlıq qurur, təcrübə və layihələrini paylaşır. Belə bir məkan həm sosial, həm də peşəkar baxımdan qadınlar üçün güc və ilham mənbəyinə çevrilə bilərdi.
10) Gələcəkdə Aysel Mahmudlunun memarlıq və dizayn sahəsində hansı yeni layihələri reallaşdırması gözlənilir?
Hazırda restoran, otel,villa və ictimai məkanlar üzrə işləyirəm və bu sahədə artıq müxtəlif miqyaslı, estetik və funksional baxımdan komandam ilə ciddi layihələrə imza atmışıq.
Gələcək planım isə eyni istiqamətdə qalaraq daha fərqli yanaşmalar və yeni ideyalarla çıxış etməkdir. Hər layihədə forma, funksiya və emosiyanı bir araya gətirərək yeni baxış, yeni hiss yaratmaq istəyirəm. Mənim üçün dizayn daim inkişaf edən bir dildir və mən bu dili hər dəfə daha güclü ifadə etməyə çalışıram.