Müasir Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır.Ölkəmizdə biznes idarəetməsində xanımlar söz sahibi olduqlarını öz işləri ilə nümayiş etdirir. Belə işgüzar xanımlardan biri də Aidə Əliyevadır.
Aidə Əliyeva 1988 -ci ildə Gəncə şəhərində anadan olub. 2004-cü ildə ADİU-ya daxil olan Aida xanım bakalavr üzrə bu universitetin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini, daha sonra isə ADNSU-nun magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirir. Universitet illərində aktiv sosial fəaliyyətlə məşğul olan gələcəyin iş xanımı həmin illərdə Tələbə Komitəsinin sədr müavini və Təşkilat Komitəsində baş təşkilatçı kimi fəaliyyət göstərib.
Musiqi sevgisi onun uşaqlığının rəngarəng keçməsinə səbəb olub. Aida Əliyeva uşaqlıq illərində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında milli rəqsləri öyrəndikdən sonra H.Əliyev sarayında baş tutan konsertlərdə solist kimi çıxış etməklə yanaşı skripka üzrə Rəşid Behbudov adına 2 saylı musiqi məktəbini bitirir.
12 ildir turizm sektorunda olan Aidə Əliyevanın iş həyatı 2008-ci ildən Azərbaycan Hava Yolları ilə başlayır. O, 2010 -cu ildə “Silkway Travel” şirkətində online departamentdə turizm üzrə menecer vəzifəsində fəaliyyətə başlayır. Burada Aida Əliyevanın da, daxil olduğu üç nəfərlik komanda ilə turizm sahəsində Azərbaycanda ilk online sistemi yaradıb böyük qrup turlarının təşkilini həyata keçirirlər. İş həyatında daima uğurlu yeniliklər edən iş xanımı 2014-cü ildə 72 nəfərlik Sinqapur-Malaziya turunun qrup lideri olur, Özbəkistanda Azərbaycanın Milli Sərgisini təşkil edir. Turizm sahəsində yetərincə təcrübə topladıqdan sonra gənc iş xanımı 2019-cu ildə “A Lines MiCE and Leisure” adı altında şəxsi şirkətini qurur. O, 2022-ci ilin avqustundan Azərbaycan Turizm Agentlikləri Assosasiyasının direktoru vəzifəsinə təyin olunub.
Aidə Əliyeva eyni zamanda 2015-ci ildən ADİU-da müəllim kimi fəaliyyət göstərir.