Bütün peşələr məsuliyyət tələb edir. Lakin elə sahələr var ki, xüsusilə məsuliyyətli olmaq şərtdir. Vəkillik bu peşə növlərindən biridir. Hüquqşünas müdafiə etdiyi şəxsin hüquqlarını sanki qanun qarşısında öz hüquqlarını müdafiə edirmiş kimi müdafiə edirsə, bu onun uğurunun sirridir. Ölkəmizdə işinin peşəkarı vəkillərdən biri də Sima Yaqubovadır.
O, bakalavr üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra magistr təhsilini Moskvada, Rusiya Prezidenti yanında Dövlət İdarəçilik akademiyasında alır. 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaqla vəkil statusunu qazanan Sima xanım 2017-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. 17 illik vəkillik təcrübəsinə, ümumilikdə isə 21 illik hüquq stajına malik vəkil, bu müddət ərzində çoxsaylı işlər aparıb, prokurorluq orqanlarının əməkdaşları, praktik hüquqşünaslar üçün hüquq təlimçisi və milli ekspert qismində çıxış edib.
Peşə seçiminə gəldikdə isə bu seçimin maraqlı tarixçəsi var. Sima xanım uşaqlıq illərində izlədiyi “Sprut” filmindəki vəkil Silvia Konti obrazından təsirlənərək bu peşənin arxasınca gedib.
Təcrübəli vəkil peşəsi ilə bağlı söz düşəndə bildirir ki: “Özümü şanslı şəxs hesab edirəm. Çünki ən çox sevdiyim işlə məşğulam. Aşiq olduğum bir peşənin sahibiyəm. Ona görə də vəkil Sima Yaqubova olaraq çox xoşbəxtəm".
Sima Yaqubova ictimai fəaliyyətdə aktiv vəkillərdən biri olmaqla yanaşı, 2020-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Hüquq və Mən" verilişinin aparıcısı olub.