Müsahibimiz peşəkar həkim-kosmetoloq, Azərbaycan Kosmetoloqlar və Plastik Cərrahlar Asossasiyasının rəhbəri, Estet klinikasının təsisçisi Sevinc Abdullayevadır. Qısa zaman sonra Azərbaycan səhiyyə sektorunda bir ilkə ev sahibliyi edəcək. Dr. Sevinc Abdullayeva bu möhtəşəm layihənin təşkilatçılarından biridir.
Xoş gördük Sevinc xanım. Öncə ölkəmizdə dermatokosmetologiyanın inkişafına təkan verdiyiniz üçün sizi təbrik edirik. Bildiyimiz qədəriylə layihəyə sayılı günlər qalıb. Bu barədə danışarsınız.
Öncə sizi, Businesswoman saytının oxucularını salamlayıram. Bəli layihəmizə çox az zaman qalıb. 4-5 may 2023-cü il tarixlərində Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfrans baş tutacaq. Konfrans mənim və ATU-nun dosenti, Azərbaycan Dermatoveneroloqlar Cəmiyyətinin sədri, həmkarım dr. Günay Fərəcovanın təşəbbüsü ilə həyata keçəcək. Onu da qeyd etməliyəm ki, Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfrans Azərbaycanın baş verneroloq və dermatoloqu prof. Zülfiqar Fərəcovun böyük dəstəyi ilə gerçəkləşir. Layihəmizin elmi rəhbərləri isə dr. Sevil Quvalova və dr. Səbuhi Əbilovdur. Bildiyiniz kimi Prezidentin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Xüsusilə Ulu Öndərin dünyaya gəldiyi may ayı onun əziz xatirəsinə həsr olunmalıdır. Konfransımız ölkəmiz üçün bir ilk olacaq. Biz onu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etməklə daha da dəyərləndirmək istədik. Çünki səhiyyəmizin inkişafında onun böyük xidmətləri olub. Ulu Öndərin adını daim ucaltmaq bizim müqəddəs borcumuzdur.
Sevinc xanım, hər zaman Azərbaycanı beynəlxalq konfranslarda təmsil etmisiniz. Bu dəfə isə beynəlxalq konfransı ölkəmizə gətirirsiniz. Bu qərarı necə verdiniz?
Bəli 2011-ci ildən beynəlxalq konfranslarda spiker kimi çıxış edirəm və bu bu müddət ərzində Azərbaycanı beynəlxalq aləmdə hər zaman qürurla təmsil etmişəm. Bu gün artıq biz özümüz beynəlxalq konfransa ev sahibliyi edirik. Layihənin ideya müəllifi həmkarım dr. Günay Fərəcovadır. Günay xanım belə bir layihə təşkil etməyi təklif etdi və biz birlikdə yola çıxdıq. Qısa zaman ərzində, təxmini 4-5 aya bu layihəni ərsəyə gətirdik. Bu sahədə dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssisləri spiker olaraq Azərbaycana dəvət etmişik. Çox sevindirici haldır ki, müraciət etdiyimiz hər kəs dəvətimizi məmnuniyyətlə qəbul etdi.
Konfransda kimlər iştirak edə bilər?
Əlbətdəki tibb təhsili olan hər kəs bizim konfransda iştirak edə bilər. Layihəmiz həkim-kosmetoloqlar, həkim- dermatoloqlar və plastik cərrahlar üçün daha əhəmiyyətlidir. Onu da əlavə edim ki, layihə böyük səs gətirdi. Artıq biletlərin hamısı satılıb. Açıqcası layihənin gözlədiyimizdən daha çox marağa səbəb olmağı bizi şad etdi.
Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfransda hansı ölkələr iştirak edəcək?
Konfransda İspaniya, Fransa, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və təbii ki, öz ölkəmizdən böyük bir spiker komandası çıxış edəcək. Ümumilikdə isə müxtəlif ölkələrdən 8 professor iştirak edəcək.
Bu gün tibbin tələbatlı sahəsi kimi dermatokosmetologiya ön plandadır. Konfransda estetikanın hansı yenilikləri açıqlanacaq?
Konfransın əsas məqsədi odur ki, ölkəmizdə qeyri-ciddi sahə kimi baxılan kosmetologiya artıq tibbin bir qolu kimi qəbul edilsin. Dünya təcrübəsində bu belədir. Biz istəyirik ki, o Azərbaycanda da elm kimi qəbul edilsin. Hesab edirəm ki, heç bir tibbi savadı olmayan bir şəxs əlinə iynə götürüb insan üzərində istədiyini edə bilməz. Çünki mövzu insan həyatıdır. Bu iş məsuliyyət tələb edir. Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfrans kosmetologiyaya elm kimi diqqət çəkmək üçün təşkil edilir. Yeniliklərə gəlincə isə layihənin moderatoru bizim peşəkar plastik cərrah Dilqəm Məhərrəmovdur. Komanda olaraq biz bu gün estetikada daha çox nəyə tələbat olduğunu müəyyənləşdirdik. Və buna uyğun olaraq dəvət etdiyimiz mütəxəssislər öz texnikalarını, peşə sirlərini bizimlə bölüşəcəklər. Məsələnin kommersiya tərəfini nəzərə alsaq bilirik ki, bir çox konfranslarda bəzi həkimlər öz texnikalarını açıqlamırlar. Biz çalışmışıq ki, bizim konfransda bütün sirlər açılsın. Hesab edirəm ki, bu baxımdan konfransımız Azərbaycan estetikasının inkişafı üçün faydalı olacaq.
Layihənin səhiyyəmizə və həmkarlarınıza hansı qatqıları olacaq?
Ən önəmli qatqı o ola bilər ki, kosmetologiya ölkəmizdə elm kimi, tibbin bir qolu kimi qəbul olunsun. Bizim bununla bağlı ən böyük arzumuz odur ki, gələcəkdə Azərbaycan Tibb Universitetində Kosmetologiya Kafedrası açılsın. Və bu sahədə mütəxəssis olmaq istəyən gənclər tibb təhsili alsınlar.
Bildiyim qədəriylə layihənizin davamı olaraq bölgələrdə treninqlər, seminarlar təşkil edəcəksiniz. Bu barədə məlumat verə bilərsiniz? Bu çərçivədə gələcəklə bağlı hansı planlarınız var?
Fikrimcə ölkəmizi beynəlxalq arenada ön plana çıxarmaq üçün biz hamımız bir ideya ətrafında birləşməliyik. Dr. Günay Fərəcova və mənim rəhbəri olduqumuz Asossasiyalar Alyans yaradaraq nəinki bölgələrdə, hətta gələcəkdə xarici ölkələrdə də workshoplar, təlimlər keçirmək niyyətindəyik. Yaxın zamanda Türkiyədə böyük bir konfrans keçirməyi planlayırıq.
Sevinc xanım ətraflı məlumat üçün təşəkkür edirik. Qarşıdan gələn Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə uğurlar diləyirik!