Salam Günay xanım, son dönəmlər gördüyünüz işlərlə adınızdan tez-tez söz etdirirsiniz. Zəhmət olmazsa, özünüzü təqdim edin
Xoş gördük. Öncə Health News komandasını salamlayıram. Mən, Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının müəlliməsi, Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyətinin sədri, N-Laz klinikasının rəhbəri, dermatoloq estet Dr. Günay Fərəcova.
Niyə məhz tibb? Seçiminizə həkim ailəsində böyüməyiniz təsir oldumu?
Mən ziyalı ailədə böyümüşəm. Bildiyiniz kimi atam əməkdar elm xadimi, Prof. Dr. Zülfiqar Fərəcov, iyirmi ilə yaxın Azərbaycan Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu və ATU-da dəri zöhrəvi kafedrasının müdiri olub. Əlbətdəki həkim ailəsində böyüməyim, həkimlərin ətrafında olmağım seçimimə əsaslı şəkildə təsir etdi. Bu arada ATU-nu fərqlənmə diplomu ilə bitirmişəm. Müdafiədən sonra tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım və o vaxt üçün gənc alimlərin siyahısına daxil oldum. Mən uşaqlıqdan gözəllik aşiqiyəm. Yaradıcı ruhlu insan olduğum üçün dermatologiyanı seçdim və seçimimdən məmnunam.
İdeya müəllifi olduğunuz Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfrans Azərbaycanda tibb sahəsində keçirirlən ilk beynəlxalq konfrans idi. Necə qərar verdiniz ki, bunu etməlisiniz?
Öncə onu qeyd edim ki, ölkəmizdə tibb sahəsində bir sıra konfranslar keçirilsə də, böyük miqyaslı beynəlxalq elmi praktiki konfrans ilk dəfə idi. Bu barədə çoxdan düşünürdüm. 2022-ci ilin oktyabr ayında layihənın planını cızdım. Universitet illərindən rəfiqəlik etdiyim xanım və həmkarım Dr. Sevinc Abdullayeva ilə ideyamı bölüşdüm və birlikdə çalışmağı təklif etdim. Yanvar ayında layihəni reallaşdırmaq üçün birlikdə işə başladıq. Bir ilin planını 4 aya yerləşdirdik. Spiker olaraq kimə təklif göndərdiksə, qeyd-şərtsiz təklifimiz qəbul edildi. Hesab edirəm ki, ilk dəfə üçün ortaya tutarlı iş qoya bildik. Məqsədimiz azərbaycanlı həkimlərin və Dermatoveneroloqlar Elmi Cəmiyyətinin fəaliyyətinin dünyada tanınmasına təkan vermək idi. Mən çox istəyərdim ki, həkimlərimiz dünyada tanınsınlar və maariflənsinlər. Konfransda iştirak edən türkiyəli dünya şöhrətli professor mən də daxil olmaqla bir neçə həkimimizi oktyabrda İstanbulda gerçəkləşəcək tədbirə spiker kimi çıxış etmək üçün dəvət etdi.
Konfrans haqda təəssuratlar necə oldu?
Birinci Estetik, Dermatoloji və Kosmetoloji Konfrans Cənubi Qafqazın irimiqyaslı layihəsi kimi böyük rezonans doğurdu. Hətta beynəlxalq tədbirlərin iştirakçısı olan mütəxəssislər layihimizi “Azərbaycanın Dubayderması” adlandırdılar. Bu xoş sözlərin üzərinə biz artıq “İkinci Estetik, Dermatoloji və Kosmetoloji Konfrans 2024”-ə stara verdik. Artıq hər il may ayı Azərbaycanda EDK layihəsi keçiriləcək. Qeyd edim ki, konfransımız 5 sessiyadan ibarətdir: Dermatologiya, anatomiya, kosmetologiya, regenerativ təbabət və plastik cərrahiyə. Plastik Cərrahiyyə və Dermatoloji estetika hər ikisi gözəllik yaratdığı üçün bir-birinə bağlıdır. Növbəti layihəmizdə yeniliklərlə və daha fərqli üslubda qarşınızda olacağıq.
Müsahibələrinizin birində qeyd etmişdiniz ki, layihə çərçivəsində zəncirvari tədbirlər baş tutacaq. Bununla bağlı həkim dermatoloqları nələr gözləyir?
Bəli, “Qarış-qarış gəzək Azərbaycanı” layihəsi çərçivəsində nəinki Bakıda, Dermatoloji estetika sahəsində olan həkimlərimizi maarifləndirmək məqsədilə bölgələrimizdə də seminarlar, treninqlər təşkil edəcəyik. Çünki buna ehtiyac var. Bizim Cəmiyyətin üzvü olan həkimlər tibb üzrə fəlsəfə doktorları, mütəxəssislər bu sahədə maarifləndirmə işi həyata keçirəcəklər. Bu gün tibb təhsili olmayan şəxslər bu sahədə fəaliyyət göstərir və zaman-zaman bunun fəsadları ilə rastlaşırıq. Bu halları aradan qaldırmak üçün maarifləndirmə şərtdir. İlk dəfə Azərbaycanda mənim rəhbərlik etdiyim Dermatoveneroloqlar Elmi Cəmiyyəti ilə professor Vaqif Qələndərlinin rəhbərlik etdiyi Plastik Cərrahlar Cəmiyyəti arasında saziş bağlandı və biz alyans yaratdıq.
Günay xanım, gələcəkdə kosmetologiyanın ali təhsil ocaqlarında elm kimi tədrisi mümkündürmü?
Təbii ki, bu mümkündür. Hətta biz bunun olması üçün əlimizdən gələni edirik. Dermatologiyanın müasir qolu kimi dermatoloji estetika, bəsit dildə desək kosmetologiya artıq həyatımızın bir parçası halına gəlib.
Fikrimcə, ATU-nun Dermatologiya kafedrasında tibbi dermatoloji estetika tədris olunsa çox gözəl olar. Bu sahə dərs dediyim tələbələrin də diqqətini çəkir. Bəzən mənə yaxınlaşıb bu sahəni onlara tədris etməyimi istəyirlər.
Günay xanım, ölkə səviyyəsində uğurlu bir ilkə imza atmaq necə duyğudur?
Əlbətdəki qürur hissi keçirirəm. Ətrafdan gördüyüm işlə bağlı xoş sözlər eşitmək motivasiya verir. Növbəti layihənin daha da gözəl olmağını istəyirəm. Fikirləşirəm ki, bundan artıq nə etmək olar ki, insanlara daha maraqlı olsun. İkinci konfrans üçün rəhbəri olduğum Elmi Cəmiyyətdə həkimlərin müşahidələrinə uyğun təkliflərini dinləyib dəyərləndirəcəm.
Səmimi söhbətiniz üçün təşəkkür edirik, Günay xanım!