İyunun 20-də Bakıda Argentinanın milli bayramı – Müstəqillik Gününün 207-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi çıxış edərək ölkəsinin müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə mövcud əlaqələrdən danışıb.
O, Azərbaycanla Argentina arasında əlaqələrin 1990-cı illərin əvvəllərində qurulduğunu xatırladaraq bildirib ki, davamlı inkişafda olan bu münasibətlər ikitərəfli ticarətin inkişafının əsasını qoyan çoxsaylı sazişlərdə əksini tapıb.
“Bu münasibətlərdə mübahisəli məsələlər yoxdur. Əksinə, ümumi beynəlxalq hüququn bir çox prinsiplərinin tətbiqi ilə bağlı oxşar baxışlar var. Azərbaycan coğrafi mövqeyinə görə qədim zamanlardan müxtəlif xalqlar, mədəniyyətlər, etnik qruplar və dinlərlə təmasda olaraq müxtəlif mədəniyyətlərə açıq və tolerant bir ölkəyə çevrilib”, – deyə xanım səfir vurğulayıb.Marianxeles Belluşi əlavə edib. Xarici işlər nazirinin müavini Elnur Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Hökuməti adından Argentina xalqını milli bayram münasibətilə təbrik edib.
O, ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin 30 illiyinin qeyd edildiyini vurğulayıb. “Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Argentina arasında mütəmadi qarşılıqlı dəstək və səmərəli birgə fəaliyyət mövcuddur. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı koronavirusa qarşı peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsinə və digər qərarların qəbul edilməsinə dair ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə Argentina öz dəstəyini əsirgəməyib”, – deyə nazir müavini vurğulayıb.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rəsmi hissənin ardınca “Argentina-Azərbaycan ənənəvi dəb sintezi” nümayiş olundu . Bu sintezin müəllifi gənc dizayner Leyla Babazadə və onu idarə etdiyi Fashion Schoolun tələbə, müəllim heyyətinə məxsusdur.