Gülər Məmmədova hazırda ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsində təhsil alır. Eyni zamanda, o, incəsənətlə məşğul olur və rəssamlıq onun həyatının ayrılmaz hissəsinə çevrilib. Rəsm çəkməyə olan marağı uşaqlıq illərindən başlayıb. İlk dəfə rəngli karandaşlarla təsadüfi şəkillər çəkməyə başladığı zaman sənətin onun fikirlərini ifadə etməyin ən yaxşı yolu olduğunu anlayıb. Zaman keçdikcə bu marağı artaraq, ciddi bir məşğuliyyət halını alıb.


Onu rəssamlığa sövq edən əsas səbəb dünyaya gördüklərini kətan üzərində əks etdirmək arzusudur. Təbiətin gözəlliyi, insan emosiyaları və ətraf aləm onun sənətinə ilham verir. Gülər Məmmədova üçün rəsm çəkmək təkcə bir məşğuliyyət deyil, eyni zamanda daxili harmoniya tapmağın və hisslərini ifadə etməyin ən güclü yollarından biridir. Hər bir əsərində duyğularını və düşüncələrini əks etdirməyə çalışır. Bu proses onun üçün həm sakitləşdirici, həm də ilhamverici bir təcrübədir və o, bu vasitə ilə özünəməxsus bir dünya yaradır.

Qeyd edək ki, Gülər müxtəlif sərgilərdə iştirak edərək uğurlar qazanmışdır. Bir çox yarışmalarda birinci yerə layiq görülüb və fərdi sərgilər təşkil edib. 2024-cü il mayın 21-də Bakı Modern Təhsil Kompleksində fərdi sərgisi baş tutub. Həmin il İspaniyada keçirilən “Yaşıl Dünya naminə Həmrəylik İli” sərgisində iştirak edərək ekoloji məsələlərə dair baxışlarını sənət vasitəsilə ifadə edib. Bu sərgi onun üçün yaradıcılıq təcrübəsi qazanmaq və ekoloji mövzularda beynəlxalq rəssamlarla fikir mübadiləsi aparmaq üçün dəyərli bir imkan olub. 

Son olaraq, 2025-ci il yanvarın 24-də İtaliyanın paytaxtı Romada yerləşən Medina Art Gallery-də keçirilən “Art of Cultural Diplomacy – Art for Peace” adlı beynəlxalq sərgidə iştirak edib. Bu sərgi Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin gücləndirilməsinə və incəsənət vasitəsilə sülh mesajlarının çatdırılmasına töhfə verib.