Müasir İncəsənət Muzeyində rəssam Nərmin Nizami qızı Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək. Sərgi 04-11 aprel 2025-ci il tarixlərində sənətsevərlərin ixtiyarına veriləcəkdir. Rəssamın son illərdə astrologiya və müxtəlif mövzularda yaratdığı 40-a yaxın rəsm əsərləri burada nümayiş olunacaq.
Nərmin Sadıqovanın “Mif” adlı sərgisi rəssamın yaradıcılığında yeni bir mərhələni əks etdirir. Sərgidə təqdim ediləcək əsərlər astrologiyanın estetik ifadə vasitələri ilə incəsənətə inteqrasiyasını nümayiş etdirir. Rəssamın əsərləri on iki bürcün mifoloji mənasını, planetar təsirlərini və simvollarını kətan üzərində bədii yanaşma ilə təqdim edir.
Bu sərgi yalnız estetik bir təcrübə deyil, həm də astroloji biliklərin rəng və kompozisiya ilə sintezindən yaranan yeni bir bədii ifadədir. Hər bir əsərdə bürclərin fərdi xüsusiyyətləri seçilmiş rəng palitrası və kompozisiya vasitəsilə canlandırılıb. Bu sənət əsərləri kosmosla əlaqəni daha dərindən hiss etməyə və astroloji simvolların məzmununu dərk etməyə imkan yaradır.
1985-ci ildə Ağdamda anadan olmuş Nərmin Sadıqova uzun illərdir ki, müasir Azərbaycan rəngkarlığında özünəməxsus dəst-xətti ilə tanınır. Təhsilini Azərbaycan Dövlət Xarici Dillər Universitetində (2005-2009), Azərbaycan Rəssamlıq Akademiyasında (2014-2018) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2018-2020) almışdır.
Rəssamın yaradıcılıq karyerasında bir çox fərdi və kollektiv sərgilər mühüm yer tutur. İlk fərdi sərgisi 2012-ci ildə “Four Seasons” otelində təşkil olunmuşdur. Daha sonra “Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olmuş və “Səs” adlı sərgisi “Gallery-1969”da (2014) keçirilmişdir. 2017-ci ildə “Momentous” adlı sərgisi ilə yenidən “Gallery-1969”da çıxış etmişdir.
Nərmin Sadıqova beynəlxalq miqyasda da uğurlar qazanmışdır. O, Azərbaycanın müasir rəssamlarını İtaliya, ABŞ, Latviya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə təmsil etmişdir. 2019-cu ildə Parisdə Luvr muzeyində keçirilən “Karusel” sərgisində də iştirak etmişdir. Elə həmin il Müasir İncəsənət Muzeyində “Meraki” adlı fərdi sərgisi baş tutmuşdur.
“Mif” adlı sərgi rəssamın yaradıcılıq yolunda beşinci fərdi sərgi olaraq xüsusi əhəmiyyət daşıyır. Sənətsevərlər bu sərgidə Nərmin Sadıqovanın astroloji təsvirlərlə zənginləşmiş rəngkarlıq əsərlərinin bənzərsiz dünyasına səyahət edəcəklər.