Rubrikamızın bugünki qonağı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevadır. Dövrümüzdə texnologiya, stress, keçimsizlik kimi faktorlar insanların psixoloq yardımını qaçılmaz edir. Biz də psixioloq Təranə Paşayeva ilə bu barədə danışdıq.
Təranə xanım, öncə sizinlə başlayaq. Uğurlu iş xanımı, etimad edilən psixoloq olmağınızın sirri nədir?
İlk öncə bildirmək istəyirəm ki, təsisçisi və rəhbəri olduğum “Loqos” Psixoloji və Nitq Mərkəzini 2014-cü ildə yaratmaq qərarına gəldim. Təbii ki, ilk başlarda müəyyən çətinliklər yaşadığımı da qeyd etməliyəm, amma yaşadığım çətinliklərlə sona qədər mübarizə apardım, daha yaxşı nəticələr üçün fasiləsiz çalışdım və bugün ölkənin ən aparıcı psixoloji mərkəzlərindən birini formalaşdıra bildim. Belə çətin və məsuliyyətli qərarı qəbul edərkən bir çox şeylərdən keçmək qərarını qəbul etdim. Məhz uğurlu iş xanımı kimi tanınmağımda bu məqamlar xüsusi rol oynadı. Mən düşünürəm ki, uğurlu insan vaxtını düzgün tənzimləməyi bacarmalı, ehtiyac olarsa nələrdənsə imtina etməlidir. Uğur qazanmaq üçün özümə qulluq üçün ayırdığım zamandan, rəfiqələrimlə keçirdiyim vaxtdan keçməli olmuşam. Bununla yanaşı bəzən ətrafımda olan insanlardan uzaqlaşmağa qərar vermişəm. Buna səbəb isə artıq mənim bir iş qadını olmaq məqsədim idi. Digər tərəfdən uğurlu olmaq səbəblərimdən biri də mənimlə çalışdığım komandanın peşəkar və güvənli olmasıdır. Hər zaman dediyim bir fikir vardır ki, “Loqos” mənim ikinci ailəm, orada mənimlə birgə fəaliyyət göstərənlər isə mənim əziz və dəyərli yaxınlarımdır. Etibarlı komanda, peşəkar xidmət, savadlı mütəxəssislərin nəticəsində bugün biz ölkəmizin ən güvənli və etimad edilən mərkəzinə çevrilə bilmişik.
Son onillikdə ailə institutunun sürətlə dağıldığını müşahidə edirik. İkitərəfli mübasibətlərin uzunmüddətli olması üçün tərəflərin üzərinə düşən vəzifə nədir?Artan boşanma statistikasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Son zamanlar demək olar ki, gündəlik həyatımızda hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biri də boşanmalardır. İstər aidiyyatı qurumların açıqladığı statistikalar, istərsə də gündəlik həyatımızda müşahidələrimiz son illərdə boşanma sayının kəskin şəkildə artdığını bir daha sübut edir. Nikahlarla müqayisədə boşanmaların sayının da artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır. Heç də xoş olmayan hallardan biri olan boşanmaların sayının artması cəmiyyət üçün həyəcan təbilidir. Bugün boşanmaların səbəblərini bir yox, bir neçə amillərlə əlaqələndirmək mümkündür. Müşahidələr də göstərir ki, səbəblər müxtəlif və çoxsaylıdır. Lakin daha çox qarşılaşılan hallar sırasında sosial, maddi, psixoloji və digər səbəblər üstünlük təşkil edir. Belə ki, boşanma saylarının nisbi faizlə müqayisə edərkən daha ailənin maddi durumunun yaxşı olmaması, ailədaxili şiddət və zorakılıq, psixoloji problemlər, zərərli vərdişlərə aludəçilik, müxtəlif xəstəliklər kimi amillər ön plana çıxır. Doğrusu həyatın müəyyən bir mərhələsi yox, bütün mərhələlərində diqqətli olunmalıdır. Araşdırmalar və açıqlanan statistikalar da sübut edir ki, təkcə yeni ailə həyatı qurmuş cütlüklər deyil, illərlə ailəli olmuş şəxslər arasında da yetərincə boşananlar vardır. Bu ilk baxışda qeyri-adi görünsə də, əslində qeyri-adilik yoxdur. İnsan yaşa dolduqca onun həm fiziologiyası, həm də psixologiyasında dəyişikliklər olur. İllər öncə sakit, gülərüz bir insanda illər sonra aqressivlik, stressə meyillilik müşahidə edilə bilir. Ona görə də, konkret bir mərhələ üzərində durmaq düzgün olmaz, lakin diqqət etməli mərhələlərdən biri məhz evlilikdən sonrakı ilk dövrlərdi. Əgər yeni ailə qurmuş cütlüklər ilk vaxtlardan bir-birlərini qarşılıqlı şəkildə anlayır, güvənir, ailə məsuliyyətini dərk edə bilərlərsə və bunu mütəmadi yaşam tərzinə çevirəcəklərsə, əlbəttə həmin ailə xoşbəxt, uzunmüddətli olacaqdır. Əks halda isə, tərəflər arasında anlaşılmazlıq, inamsızlıq nəticəsində ailədaxili münaqişələr, şiddət, tərəflərin bir-birinə xəsarət yetirməsi və sonunda boşanma halı baş verəcəkdir. Bir psixoloq kimi qeyd etməliyəm ki, yeni ailə həyatı qurmuş şəxslər ailə anlayışının nə dərəcədə vacib olduğunu dərk etməli, bir-birlərinə qarşı anlayışlı olmalı, fikirlərinə hörmət etməli, hər hansı bir vacib qərar verərkən birgə müzakirə etməli, qərar verməli, ailə daxilində yaranacaq problemlərin onlarda formalaşdıracaq psixoloji fəsadlarını dərk etməlidirlər. Yeni ailə qurmuş, lakin boşanmaq mərhələsinə çatmış yetərincə cütlüklər vardır ki, onlar məhz qeyd etdiyim məqamları zamanında diqqət etməyib, istədikləri kimi davranıb və bu mərhələyə gətirib çıxarıblar. Nəticədə isə tərəflər stress, aqressiya, özünəqapanma, depressiya, panik atak pozuntuları və digər psixoloji problemlərlə üzləşiblər. Odur ki, ailə həyatını məhv etmədən, boşanma qərarı vermədən öncə tərəflər həm özləri, həm də yaxınları ilə birgə problemlərinin səbəblərini tapmalı, müzakirə etməli və bu yaranan xoşagəlməz halı necə aradan qaldırmaq barədə həll yollarını taparaq öz ailələrini qorumalıdırlar.
Qarşımızdakı insanın narsist olub-olmadığını necə bilə birlərik? Ətrafımızdakı narsist insanların qurbanına çevrilməmək üçün hansı addımları atmalıyıq?
Gündəlik həyatımızda, xüsusilə son vaxtlar mütəmadi eşitməyə başladığımız fikirlərdən biri də narsist insanlar anlayışıdır. Narsist insanlarla bağlı cəmiyyətdə fikirlər də müxtəlifdir. Bəzi insanlar narsist insanları normal şəkildə qəbul edirlərsə, başqaları üçün narsist insanlar narahatlıq yarada bilir. Narsist insan özündə bir sıra əlamətləri ehtiva edir. Belə ki, narsist insanlar eqoist olur, empatiya göstərmirlər, sizin hissləriniz, düşüncələriniz onlar üçün önəmli deyil. Onlar həmişə özlərini haqlı görürlər və səhvlərində başqalarını günahlandırırlar, üzr istəmirlər. Özlərini olduğundan daha yaxşı və mükəmməl olduqlarını, başqalarının onsuz edə bilməyəcəyini düşünürlər. Onlar təriflənməkdən və diqqət mərkəzində olmaqdan zövq alırlar. Belə hallarla qarşılaşarsanız bir sıra addımlar vardır ki, onlara diqqət edərək daha az çətinlik çəkə bilərsiz. Narsist insanlarla bacardıqca mübahisəyə girməyin. Əgər mübahisədə haqlısınızsa, o, çox güman ki, sizə qəzəblənəcək və ya hətta inciyəcək. Mübahisə etməmək və susmaq daha yaxşıdır. Qəzəbinizi idarə etməyə çalışın. Qəzəbli bir ittihamla danışmaq əvəzinə, onun nə qədər dəyərli olduğunu vurğulayan bir cümlə işlədə bilərsiniz. Çalışıb eyni məqsədə hədəflənin. Eyni məqsədi paylaşırsınızsa, şanslısınız, məqsədlərinə çatmaq üçün onlar çox çalışırlar. Əgər heç bir irəliləyiş hiss etmirsinizsə, vəziyyəti qəbul edin və ona uyğun qərar qəbul edin.
Bu gün cəmiyyətimizdə özünü dəyər anlayışı hansı səviyyədədir?
Bəzən ətrafımızda olan bir qrup insanların özlərini dəyərsiz hiss etdiyi müşahidə edirik. Onlar həyatda məqsədlərinin olmadığını, faydasız olduqlarını və heç bir şeyin yaxşı getməyəcəyini düşünürlər. Özünü dəyərsiz hiss etmək psixoloji xəstəlik kimi təsnif edilə bilməsə də, xüsusilə sosial mediadan istifadənin artması və cəmiyyətdən uzaq yaşama vərdişi sayəsində adi bir hala çevrilib. Bu vəziyyətlə birlikdə cəmiyyətdə dəyərsizlik hissi meydana çıxıb. Cəmiyyətdə özünə dəyər anlayışı hər bir insan tərəfindən fərqli şəkildə qəbul edilir. Elə insanların özlərini dəyərsiz hiss etmək səbəbləri kimi. Bugün insanların özlərini dəyərsiz hiss etmək səbəbləri təkcə sosial amillərdən deyil, maddi, psixoloji, tibbi və digər məqamlardan da asılı olur. Dəyərsizlik hissi insanlarda bir sıra formalarda özünü büruzə verir. Tez-tez ağlamaq, həyatının məqsədini itirdiyini düşünmək, hər zaman özünü çarəsiz, ümidsiz, yorğun hiss etmək, özünü cəmiyyətdən təcrid etmək və digər hallar sıx qarşılaşılan əlamətlər sırasında yer alır. Bu vəziyyətdən əziyyət çəkənlər üçün dəyərsizlik hissi ilə mübarizə son dərəcə vacibdir. Əgər insan özünü daim dəyərsiz, qeyri-adekvat və ümidsiz hiss edirsə, həyatında müəyyən dəyişikliklər etməlidir. Əgər insanın verdiyi qərarlar və ya həyata keçirməyə çalışdığı üsullar bu hissi azaltmırsa, bu halda mütləq bir mütəxəssisin köməyinə ehtiyac var.
Cəmiyyətimizdə mövcud stereotiplərdən dolayı bir "psixoloq kompleksi" var, bəzən psixoloqla psixiatr qarışdırılır. Ümumiyyətlə nə zaman bilə bilərik ki, artıq psixoloqa mürəciət etməyin vaxtıdır?
Həqiqətən hər zaman aktuallığını qoruyan məsələlərdən biri də insanların psixoloqa müraciət edib-etməməsi dilemması və kimə müraciət etməsi anlaşılmazlığıdır. Bir şeyi qeyd etmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə hazırda istər psixoloqa, istərsə də psixiatra müraciət edənlərin sayı nəzərəçarpacaq qədər artıb. Başqa sözlə, insanlar artıq psixoloqu “dəli həkimi” kimi yox, ümid yeri kimi qəbul edir. Doğrudur, hələ də istər mentalitet, istərsə də digər səbəblərdən dolayı müraciətlər digər inkişaf etmiş ölkələrlə müqayisədə azdır, lakin zaman keçdikcə bu stereotip aradan qalxacaqdır. O cümlədən, bəzən müraciətçi psixoloqa yoxsa psixiatra müraciət etməli olduğunu bilmir və bu anlaşılmazlıq illərdir ki, davam edir. Hər iki anlayış geniş və bir-birindən fərqli anlayışlardır. Qısa bildirmək istərdim ki, psixoloq onlara müraciət edən insanların narahatlıqlarını psixoloji konsultasiya və psixoterapiya vasitəsilə aradan qaldırırsa, psixiatr psixi pozuntuları dərman preparatları ilə müalicə edərək və xəstənin fizioloji simptomlarını azaltmaq ilə məşğul olur. Psixiatrın psixoloqdan ən böyük fərqi də elə burdadır. Psixoterapiya almağın konkret yaş məhdudiyyəti yoxdur. İstər uşaq, istər yetişkin, istərsə də yaşlı insan psxioloqa müraciət edə bilər. İnsanlar bir-birindən fərqli olduğu kimi, onların yaranan çətinliklərə, stresə, gərginliyə qarşı mübarizəsi də fərqlənir. Bəzi şəxslər qarşılarına çıxan çətinliklərlə mübarizədə məğlub olur, bunun fəsadlarını yaşamağa məcbur olurlar. Psixoterapiya gündəlik həyat çətinlikləri, tibbi xəstəlik, sevilən birinin itkisi, depressiya və ya yemək pozğunluğu, travma kimi bəzi psixiatrik pozğunluqlar kimi problemlərə kömək etməyə çalışır. İnsanın əvvəlki kimi ümumi həyatını davam etdirməsinə mane ola biləcək hər hansı vəziyyət psixoloqa müraciət etmək üçün əsaslı səbəbdir. Psixoloqların terapiyalarının əsas məqsədi məhz onlara müraciət edən şəxslərin narahatlıqlarını aradan qaldırmaq, onları əvvəlki həyat yaşamını bərpa etməkdir.